Hesabata görə, Beynəlxalq Seçki Müşahidə Missiyasının müşahidə etdiyi 92 seçki məntəqəsinin 45 faizində səslərin sayılması mənfi qiymətləndirilib: "Müşahidəçilər məlumat vermişdirlər ki, səslərin sayılmasının müşahidəsi aparılan 92 məntəqənin 29-da iştirak edənlərin heç də hamısı sayım prosesini aydın izləyə bilməyiblər, 27 halda məhdudiyyətsiz müşahidə mümkün olmayıb...".
ATƏT müşahidəçilər qeyd edirlər ki, onlara seçki tədbirlərinə dövlət sektorunda çalışanların və digərlərinin məcburən aparılması barədə məlumat verilib: "Bu isə seçicilərin qorxudulması, onların təqib qorxusu olmadan səs verə bilmək sarıdan narahatlığına səbəb olub".
Eyni zamanda hesab edilir ki, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsi, məhdudlaşdırıcı media qanunvericiliyi genişmiqyaslı özünüsenzuraya səbəb olub, müstəqil jurnalistikanın miqyasını kəskin məhdudlaşdırıb.
"Bu seçkilər məhdud siyasi və hüquqi mühitdə keçirilib, nəticədə siyasi plüralizm olmayıb, seçki kampaniyası zəif və sönük keçib ki, bütün bunlar da seçki prosesinə zərbə vurub", – ATƏT-in qısamüddətli müşahidəçilərinin lideri və xüsusi koordinatoru Maykl Krid deyib.
"Seçki komissiyalarında hakim partiya tərəfdarlarının dominantlığı, müstəqil yerli müşahidəçilərin çıxışına məhdudiyyətlər şəffaflıq və inklüzivlik prinsiplərinə ziddir. Bu məsələlər demokratik seçkilərin əsasını təşkil edir"– o, sözlərinə əlavə edib.
Beynəlxalq Seçki Müşahidə Missiyası hesab edir ki, namizədlərin qeydiyyatı prosesində aşırı ağır tələblər qoyulub, bəzi namizədlər təhdidləri əsas gətirərək prosesdən çəkiliblər.