22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 2 saylı məntəqəsindən verilən məlumata görə, seçicilərin barmağına mürəkkəb məntəqənin girişində vurulur.
Hüquqşünasların bildirməsinə görə, məntəqənin girişində seçicinin barmağına mürəkkəb vurulması qanunsuzdur. Onların deməsinə görə, ancaq seçiciyə bülleten verərkən onun sol barmağına mürəkkəb vurulmalıdır.
Üzərində 17 saylı Yasamal seçki dairəsinə aid olduğu bildirilən bu bülleteni seçici AzadlıqRadiosuna göndərib. Orada həbsdə olan bəzi jurnalist, ictimai fəal və müxalifətçilərə azadlıq tələb edilir.
42 saylı Sumqayıt birinci seçki dairəsində 22 saylı məntəqənin qanunvericiliyin tələblərinə cavab verməyən qaydada təşkil edildiyi bildirilir. Şikayətə görə, seçki məntəqəsi elə qurulub ki, müşahidəçilər seçki prosesini izləməkdən təcrid olunub.
Müsavat Partiyasından verilən məlumata görə, 8 saylı Binəqədi birinci seçki dairəsində bir neçə müşahidəçiləri seçki məntəqəsinə buraxılmayıb. Partiyadan qeyd edildiyinə görə, Cavad Qafarovu 283 saylı məktəbdə yerləşən 12 saylı məntəqədən polis vasitəsilə çıxarıblar: "Digər müşahidəçi Eldar Nəsibzadə 20 və 21 saylı məntəqəyə buraxılmayıb. Deyirlər ki, müşahidəçi vəsiqəsində məntəqənin nömrəsi yazılmalıdır. Halbuki Mərkəzi Seçki Komissiyasının (MSK) respublika üzrə müşahidəçiləri istənilən məntəqədə müşahidə apara bilər".
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən isə "Turan"a deyiblər ki, Müsavat Partiyasının bu açıqlamasında deyilənlərin əsası yoxdur.