Şahzadə Fərhad Mirzə Qacar Balaxanıda neft fontanına baxandan sonra belə demişdi...
“Səfərnamə”də həm ədəbiyyatımız, həm də tariximiz barədə çox dəyərli faktlar var”, - bu sözləri AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə söyləyib.
MƏMMƏDƏLİ HÜSEYNİYƏ TƏŞƏKKÜRLƏR!
Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərini tam halda farscadan Azərbaycan türkcəsinə çevirən Tahirə xanım AzadlıqRadiosunun “İZ” proqramına maraqlı açıqlamalar verib: “İlk dəfə “Səfərnamə” əlimizə 2011-ci ildə çatıb. Onun surətini bizə Almaniyada yaşayan soydaşımız möhtərəm Məmmədəli Hüseyni göndərmiş və məsləhət bilmişdi ki, bu əsər tərcümə olunsun. Kitabla tanışlıqdan sonra anladım ki, bu əsər mütləq dilimizə çevrilməlidir, çünki “Səfərnamə”də həm ədəbiyyatımız, həm də tariximiz barədə çox dəyərli faktlar var. Bu faktlara biz tarix kitablarında rast gəlməmişik...”.
Buna da bax: Uzun adlı və qadın soyadlı Ən Böyük Kitabçı
MİRZƏ FƏTƏLİYƏ İTHAF
Tahirə xanım əsərin 2012-ci ildə çıxan yarımçıq nəşrinə belə aydınlıq gətirdi: “2012-ci ildə böyük Mirzə Fətəlinin 200 illik yubileyinə hazırlıq gedirdi. Mən çalışdım ki, bu əsər Axundovun yubileyinə institutumuzun töhfəsi olsun. Birinci nəşrdə Fərhad Mirzə Qacarın Məkkə səfərinə gedərkən və qayıdarkən Azərbaycandan keçdiyi yerlər haqqında yazdığı hissələr daxildir. Mən işi davam etdirdim. Gördüm ki, Fərhad Mirzə İstanbulda iki dəfə - həm gedərkən, həm də qayıdarkən, Sultan Əbdüləzizlə görüşüb və çox böyük hörmətlə qarşılanıb. Bakıda olarkən neft mədənləriylə, adət-ənənələrimizlə maraqlanıb”.
ABBAS MİRZƏNİN AZƏRBAYCAN SEVGİSİ
Kitabın tərcüməçisi Fərhad Mirzə Qacardan ağızdolusu danışdı: “Fərhad Mirzə Qacar (1818-1888) Abbas Mirzə Naibüssəltənənin 15-ci oğlu, Fətəli şahın nəvəsi olub. Çox ziyalı, fazil şəxsiyyətlərdəndir. Bildiyiniz kimi, onun atası Abbas Mirzə çox böyük şəxsiyyət, Azərbaycansevər olub. Onun haqqında Qacarlar nəslindən olan Əminə Pakrəvanın “Abbas Mirzə və Azərbaycan” adlı kitabı da var. Əminə Pakrəvan bu əsərini Abbas Mirzənin oğlu Cahangir Mirzənin “Tarixi-nou” əsəri əsasında yazıb. Sonra bu əsər türk dilinə də çevrilib. Abbas Mirzə bütün ömrünü Azərbaycanda keçirib. Abbas Mirzə Təbrizi çox sevib. Təbriz onun vaxtında abad şəhər olub. Deyilənə görə, Azərbaycan müstəqil olardısa, Təbriz mütləq paytaxt olacaqdı...”.
Buna da bax: İZ-Anons-Şahzadə Fərhad Mirzə Həsən bəy Zərdabiyə dedi ki…
ÖLƏNDƏ 2 DƏFƏ “AZƏRBAYCAN” DEYƏN ŞAHZADƏ VARMIŞ...
Tahirə xanım sarayda Abbas Mirzəyə qısqananlar olduğunu da vurğuladı: “Təəssüf ki, onun düşmənləri də olub və ömrünə 2 il qalmış atası Fətəli şah onu Azərbaycandan uzaqlaşdırıb Xorasana göndərib... O, atasına üz tutub ki, ata, lütfən məni Azərbaycandan ayırmayın...əgər ayıracaqsınızsa, ölümümə fərman verin... yəni o qədər sevib Azərbaycanı. Təsadüfi deyil ki, dünyasını dəyişərkən 2 dəfə “Azərbaycan” deyib... 12 yaşlı qızı bu zaman onun yanında olub və Cahangir Mirzə “Tarixi-nou” kitabında bu faktı yazıb... Bax, Fərhad Mirzənin atası belə bir şəxsiyyət olub”.
EVDƏ XANƏNİŞİN...
Fərhad Mirzə 1818-ci ildə Təbrizdə doğulub. Bir sıra əyalətlərin hakimi olub, o sıradan Həmədanın. 1873-cü ildə Avropaya ilk səfəri zamanı Nəsrəddin şah əmisi Fərhad Mirzəni çağırıb bütün ölkəni, paytaxtı ona tapşırır. Şah qayıdarkən müəmmalı şəkildə Fərhad Mirzəni və sədr-əzəm Hüseyn xanı vəzifəsindən uzaqlaşdırır. Fərhad Mirzə 2 il evdə xanənişin (ev dustağı-red.) olur. İki ildən sonra şaha müraciət edir ki, ona Məkkə səfərinə getmək icazəsi versin. İcazə verilir. O, baş nazirin yanına gedir və deyir ki, mən sizin vəzifənizdən uzaqlaşdırılmağınızda günahkar sayılıram və öz günahsızlığımı sübut etmək üçün Məkkə səfərinə gedirəm. Ondan şübhələnsələr də, əslində, belə deyildi. Sadəcə, o vaxtlar ingilislər həm sədr-əzəmi, həm də Fərhad Mirzəni sevməzdilər. Nə üçün? Məşhur “Reuter” müqaviləsi olub. Fərhad Mirzə o müqavilənin İranın mənafeyinə zidd olduğunu görüb. Buna etiraz edən şəxs ilk növbədə Fərhad Mirzə olub. Onun düşmənləri də bundan istifadə ediblər. Ancaq çox çəkmir ki bu müqavilə ləğv edilib və Məkkə səfəri baş tutub”.
Buna da bax: 'Sizi deyib gəlmişəm'-dedi...
TEHRAN. 8 SENTYABR, 1875-Cİ İL
Tahirə xanım Məkkə səfərinin 1875-ci ilin sentyabrında başlandığını bildirir: “Fərhad Mirzə həmin tarixdə “Quran”dan istixarə edərək yola düşür. O, çox mömin və fazil insan olub. Fərhad Mirzənin Əlyazmalar İnstitutunda bir neçə əsəri saxlanılır. Məsələn, ingilis dilinin tədqiqinə aid “Cami-cəm”, təzkirəvari əsəri olan “Zənbil”. Bu əsərdə şəxsiyyətlər, o sıradan azərbaycanlılar haqqında məlumat və “Münşaat” - məktubların nümunələri var. Daşbasmadır. Hə, Fərhad Mirzə 1875-ci il sentyabrın 8-də yola düşür və 1976-cı il martın 29-da qayıdır. Gəmiylə Bakıya, oradan faytonla Azərbaycan şəhərlərinə, dəmiryolla Tiflisə, ordan da gəmiylə Poti, İstanbul, Məkkə, Mədinə, Ciddə şəhərlərinə gedir. Son səfərlər, təbii ki, dəvəylə gerçəkləşdirilir”.
ATƏŞGAH... İBADƏT EDƏN MOLTANI...
“Fərhad Mirzə Bakıda olarkən, şəhərin bir sıra mötəbər şəxsləriylə görüşür. Neft mədənlərini gəzir, Atəşgahla maraqlanır. Bilirsiz ki, o vaxtlar Hindistanda atəşpərəstləri izləyirdilər. Onlar da Azərbaycana pənah gətirmişdilər. Fərhad Mirzə Atəşgahda olan moltanını dinləyir, onun oda sitayiş edərək necə ibadət etdiyini təsvir edir" (Kitabı oxuyarkən, maraqlı bir detal diqqətimi çəkdi. 7-8 ay sonra yenidən Bakıya qayıdan Fərhad Mirzə Atəşgahda həmin moltanının eyni pozda ibadətdə olduğunu heyrətlə yazıb - S.İ.).
Buna da bax: ‘Mühacirlərin dönüşü’ baş tutdu...
ELƏ HƏMİN STAROSELSKİ!
Tahirə xanım Fərhad Mirzəni Bakıda ilk qarşılayanın qubernator Staroselski olduğunu deyir (bizlər onun ismini Həsən bəy Zərdabinin yazılarından çox duymuşuq - S.İ.): “Bu qubernator “Əkinçi”nin nəşrində böyük xidmət göstərib. Staroselski gəmiyə gəlir və şahzadəyə söyləyir ki, mən sizə oteldə qalmağı rəva bilmirəm (o dövrdə Bakı otelləri çox natəmiz olub - bunu Z. Marağayi də özünün məşhur “İbrahimbəyin səyahətnaməsi”ndə yazıb - S.İ.). Odur ki, sizə əsl müsəlman evi təklif edirəm. Abbas Mirzənin oğlu Fərhad Mirzə Qafqaz Azərbaycanına qədəm qoyan ilk şahzadə olduğundan, ona çox yüksək səviyyədə hörmət edirdilər. Onu hər yerdə atəşfəşanlıq və musiqiylə qarşılayıblar. Məsələn, qayıdış məhərrəm, səfər aylarına düşsə də, Zaqatalada bu şəhərə ayaq basan ilk şahzadənin şərəfinə musiqi də olub, atəşfəşanlıq da...”
FƏRHAD MİRZƏ BAKIDA KİMİN EVİNDƏ QALIB?
Tahirə xanım suala belə cavab verdi: “Bakıda vaxtilə Qacarlardan olub Bakıda məskunlaşmış varlı bir adamın - Cəfərqulu bəyin evində qalıb. Evin yanında bir dəstə əsgər musiqiçilərlə Fərhad Mirzəni qarşılayıb. Onlar təzim edib şahzadəni salamlayıblar. Musiqi səslənib və ardından qubernatorun özü onunla mənzilə qalxıb və bir qədər oturandan sonra gedib. Yeri gəlmişkən, elə Şəkidə olarkən də Xan Sarayına gedib. Şəkinin rus “naçalniki” şahzadəyə deyib ki, təəssüf, sizi burda yerləşdirə bilməyəcəyik, çünki burda soba yoxdur. Həm də, saray yoldan uzaqdır. Biz bu sarayda heç bir dəyişiklik etməmişik. Necə var, eləcə də qalıb. Sizə ayrı mənzil hazırlamışıq”.
Buna da bax: Dilqəm Əhmədin topladığı, AXC tarixinə aid yeni sənədlər kitab oldu
“BADKUBƏ BİR DAĞIN ƏTƏYİNDƏ YERLƏŞİR...”
Şahzadə şəhəri belə təsvir edir: “Sübh gəmi lövbər salandan sonra mən göyərtəyə çıxaraq Badkubəyə tamaşa etdim. Badkubə şəhəri bir dağın ətəyində yerləşir. Evlər də dağın ətəyindədir. Əhalisi 25 min nəfər olar. Bunlardan 5 min nəfəri rus və ermənidir və 20 min nəfəri isə şiə müsəlmandır. İndi hamı şəhərə Bakı deyir...” .
“ŞƏRVAN DEYİL, XEYRAVANDIR”
Tahirə xanım Bakıdan sonra Fərhad Mirzənin başqa Azərbaycan şəhərlərini də dolaşdığını deyir: “Şamaxı, Göyçay, Ağstafanı görür. Şamaxıya çatarkən mütləq Xaqani Şirvanini xatırlayır, ona şeirlə üz tutur. Özü də şeir yazıb Fərhad Mirzə. Elə yolda da “Əhmədiyyə” poemasını yazıb. Zəngin biliyə malik adam idi. Həm ədəbiyyatımızı bilirmiş, həm tariximizi. Şamaxıda deyir: Şirvana Şərvan deyirlərmiş, yəni şər ocağı. Amma bura xeyrəvandır... Şeirlə deyir”.
GƏNCƏ... NİZAMİNİN MƏQBƏRƏSİNİ OT-ƏLƏF, SAMAN BASIB...
Tahirə xanım şahzadənin Gəncəyə gəlişini belə danışır: “Şahzadə Gəncəyə gəlir. Gəncəni geniş təsvir edir. Çinarlarını, məscidlərini... Amma şahzadə bura gəlib də böyük Nizaminin məqbərəsini görməyə bilməzdi. Amma görməyinə peşman olur. Yazır ki, Nizaminin qəbri Gəncə şəhərindən 7 verst aralıdır. Yerə düşüb onun qəbrinin üstünə getdim. Yaxınlıqda gözətçi məntəqəsi yerləşir. Rus əsgərləri - keşikçilər öz atları üçün buraya ora o qədər saman, ot-ələf tökmüşdülər ki, günbəzin yanına getmək mümkün olmadı... Və Nizaminin “İsgəndərnamə”sindən bu beytləri xatırlayır:
“Təzə kəklik , yad et məni ürəkdən,
Məzarım yanından ötüb keçərkən.
Üstümdə görərsən göyərmiş otlar,
Başdaşım uçulmuş, çökmüşdür məzar”
Fərhad Mirzə Nizaminin qəbrini elə o cür də görür...
Buna da bax: N.Nərimanov 31 Mart qırğınlarının qarşısını ala bilərdimi?
İSTANBUL... SULTAN ƏBDÜLƏZİZLƏ GÖRÜŞ
Tahirə xanım Fərhad Mirzənin Türkiyə təəssüratlarıyla bağlı bu ölkədə bir konfransa qatıldığını da söylədi: “Bir tezis göndərdim - “Fərhad Mirzə Qacarın “Səfərnamə”sində Osmanlı Türkiyəsi və Azərbaycan”. Orda onun təsvir etdiyi Osmanlı abidələri barədə danışdım. Aya-Sofiya, Sultan Əhməd camesi və s. Fərhad Mirzənin Sultan Əbdüləzizlə görüşü də çox maraqlıdır. Sultan iki dəfə onu qəbul edib - Məkkəyə gedəndə və qayıdanda. Özü də yazır ki, Sultan heç bir qonağa bu qədər çox diqqət göstərməyib. Lakin mənə çox vaxt ayırdı. Onların maraqlı söhbətləri olub. Fərhad Mirzə deyib ki, 2 böyük türk dövləti var. Türkiyə və Qacarlar. Maraqlıdır ki, o, fars demir. Hə, deyir ki, əgər onlar bir olsalar, islam dininin daha da qüvvətləndirər və xaricilərin nəzərində daha hörmətli olarlar. Sultan gülümsünür və deyir: “Bəyan etdiyiniz kimidir”.
ZƏRDABİYLƏ GÖRÜŞ... “ƏGƏR “ƏKİNÇİ”NİN BİR TƏRƏFİ FARSCA OLSAYDI”...
Fərhad Mirzə Məkkə səfərindən sonra bir də Bakıdan keçir: “1876-cı il martın 26-dır. Fərhad Mirzə “Əkinçi” qəzeti yazarı Zərdabi ilə görüşür və Həsən bəyə deyir: “Qəzet sadə xalq təbəqəsi üçündür, əgər onun bir tərəfi fars dilində olsaydı, İranda da xeyli oxucusu tapılardı. Həsən bəy də burada farsdilli əhalinin az olduğunu söyləyir. Şahzadə bir də qayıdır ki, Zərdabi ifadəsi heç məlum deyil və Zərdabın harada yerləşdiyi məlum olmur... Şirvani təxəllüsü yazsaydın, bu məlum, məşhur şəhərdir. Şah da bilir ki, Şirvanda sünni əhali yaşayır. Həsən bəy bildirir ki, bu vaxtadək belə tanınmışam və Şirvani olmaq xanzadələrin haqqıdır... Əgər dəyişdirməli olsaq, gərək dövlətdən izin alaq və çətin ki izin verələr. Və Fərhad Mirzə əlavə edir: Zərdab Şamaxıda bir kənddir və Həsən bəyin əsli ordandır...”.
Buna da bax: Məhəmməd Əminin böyük oğlu haqqında kitab nəşr olundu
AXUNDOVLA GÖRÜŞ... YENİ ƏLİFBA
Tahirə xanım şahzadənin “Səfərnamə”də Mirzə Fətəli Axundovla daha çox görüşdüyünü deyir: “Gedərkən də, qayıdarkən də onunla ünsiyyətdə olur. Axundov onun bütün görüşlərində tərcüməçilik edir. O vaxt Mirzə Fətəli Qafqaz canişininin tərcüməçisi idi. Fərhad Mirzə yazır ki, “rusların Axundov deyə müraciət etdikləri polkovnik- bütün Qafqazın canişininin mütərcimi Mirzə Fətəli Axundzadə özünün ixtira etdiyi əlifbanı gətirmişdi. Bu 3 qisim layihədən ikisini bəyəndim. Layihənin biridə hərflər ayrı-ayrı, həm də soldan-sağa yazılır. Şəkillərinə görə latın əlifbasının hərfləridir. Avropa yazısına oxşadığı üçün islam dini bunu qəbul etməyəcək. Lakin o biri 2 növ əlifba mümkün olsa yaxşıdır”. Şahzadə təəssüf edir ki, Mirzə Fətəli bu yolda çox əziyyət çəkib, amma buna nail olmayacaq. Elə də olur... Axundov həm Osmanlıda, həm İranda olan nüfuzlu şəxsiyyətlərə çox müraciətlər edir, amma yeni əlifba layihəsinə dəstək verən olmur. Amma Şahzadə bu əlifbaya çox ciddi yanaşıb və “Səfərnamə”də də ondan bir nümunə verib - nöqtəsiz”.
AXUNDOVUN NƏVƏSİNDƏ “AXUNDOVUN ZƏKASININ TƏSİRİ GÖRÜNÜR”
Tahirə xanım “Səfərnamə”də olan epizodik, amma maraqlı bir nüansa da diqqət çəkdi: “Fərhad Mirzə kitabda Axundovun nəvəsindən də söz açır. Mirzə Fətəlinin qızı Fərhad Mirzənin qardaşı Bəhmən Mirzənin oğlunun həyat yoldaşı idi. Yəni qohum idilər Axundovla. Bəhmən Mirzə o vaxt sürgündə imiş. Qardaşı Məhəmməd şahla aralarını kimsə vurub və Bəhmən Mirzə neçə yük əlyazmasıyla Cənubi Qafqaza köç edib və illərlə burada yaşayıb. Rusiya ona müəyyən təzminatlar verib. Bu da bir siyasət idi. Amma Fərhad Mirzə ilə Bəhmən Mirzənin münasibətləri yaxşı olub. Əsərdə deyilir ki, görüşə “Bəhmən Mirzənin oğlu Xanbaba xan gəldi. O, oğlu Mənsur Mirzəni də gətirmişdi. Mənsur Mirzə Fətəli Axundovun qız nəvəsidir. Yeddi yaşı vardır. Yaxşı, diribaş oğlandır. Onda Axundovun zəkasının təsiri görünür”.
Buna da bax: Çəmənzəminlinin böyük səhvi
ŞEYX ŞAMİL...”İRAN VƏ TÜRKİYƏ ONA YARDIM ETMƏDİ”
Tahirə xanım Həsənzadə “Səfərnamə”də əksini tapan maraqlı faktlardan birini də vurğuladı: “Tiflisdə olarkən Qafqaz canişini Mixaylovun otağında bir xəritə görür. Ona izah edirlər ki dağın arxası Çeçen vilayətidir. Onlar bizimlə xeyli vuruşmuşlar. Fərhad Mirzə əlavə edir ki, “Şeyx Şamil Dağıstanın sünniməzhəb, görkəmli şəxsiyyətlərindən idi. Dağıstanın istiqlalı uğrunda terrora qarşı mübarizə aparmış, Rusiyaya böyük təzyiqlər göstərmişdir. Tolstoy “Hacı Murad” adlı kitabına onun sərdarlarından birinin adını vermişdir. Şamil illərlə mübarizə apardı, lakin İran və Türkiyə ona yardım etmədi”.
BALAXANI... ASİYADA BİR NEFT ÇAYI...
“Fərhad Mirzə Qacar Bakıdan daha nə yazıb” sualını Tahirə xanım belə cavabladı: “Bakının panoramını təsvir edir. Qubernator şəhərin mötəbər şəxslərini dəvət edir onunla görüşə. Fərhad Mirzə neft quyularından danışır, Balaxanıya gedir, hər gün şəhərə 8 min pud neft daşınan bu torpaqda hər yerin neftlə örtüldüyünü bildirir. Şəhər yaxınlığında zavodlar tikildiyini deyir və bu zavodlarda məişətdə işlətmək üçün ağ neft alındığını vurğulayır. Fərhad Mirzə hətta Balaxanıda bir quyunun “coşmasına” - fontan vurmasına belə tamaşa edir və heyrətdən donub qalır. Yazır ki, “əgər gözlərimlə görməsəydim, şahidi olmasaydım, heç vaxt bu cürə15-16 zər hündürlüyündə neft püskürməsinə, havaya qalxmasına və Asiyada bir neft çayının axmasına inanmazdım!” “Səfərnamə”də belə maraqlı müşahidələr çoxdur”.
“İZ”i burdan dinlə: